Avropada güclü meşə yanğınları başlayıb

Fransa, Portuqaliya və İspaniyanın bir sıra bölgələrində yanğınsöndürənlər şiddətli meşə yanğınları ilə fəal mübarizə aparırlar.

Ulutv.info milli.az və trend-ə istinadən bildirir ki, Fransanın Jironda departamentində yanğınlar artıq 7,5 min hektar meşəni məhv edib. 11 mindən çox insan təxliyə edilib. Bununla yanaşı, proqnozlara görə, yanğınlarla bağlı vəziyyətin bazar gününə qədər yaxşılaşacağı ehtimalı yoxdur. Fransanın cənubundakı Bu-dü-Ron departamentində baş verən yanğınların söndürülməsinə 1000-ə yaxın yanğınsöndürən cəlb olunub. Yanğınların söndürülməsində aviasiya qüvvələri də iştirak edir.

Portuqaliyanın qərbində Leyriya bölgəsində yanğınsöndürənlər güclü külək səbəbindən sürətlə yayılan şiddətli meşə yanğınlarını nəzarət altına almağa çalışırlar. Bir neçə yaşayış evi yanıb, yollar bağlanıb, kiçik qəsəbələrin sakinləri təxliyə olunur. Ölkədəki bu vəziyyət fonunda fövqəladə vəziyyət rejimi iyulun 17-dək uzadılıb.

Yanğınlar İspaniyanın cənub-qərbindəki Estremadura muxtar icmasında da meşələri bürüyüb, burada yanğınlar son bir həftə ərzində təxminən 5500 hektar meşə sahəsini məhv edib. Yanğınsöndürənlər Kastiliya və Leon muxtar icmasında güclü yanğın təhlükəsi barədə xəbərdarlıq edir.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info