Osloda Azərbaycanın Müstəqillik Günü və Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd edilib

Norveçin paytaxtı Osloda 28 May – Azərbaycanın Müstəqillik Günü və xalqımızın ulu öndəri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatorluğunun və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun, yerli ictimaiyyətin, Azərbaycan icmasının nümayəndələri və Azərbaycandan qonaqlar iştirak ediblər.

Azərbaycanın və Norveçın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Ramil Əliyev açıb. Xalqımızın tarixində böyük önəm daşıyan bu iki mühüm hadisə barədə məlumat verib, ölkəmizdə və xaricdə bu əlamətdar hadisələrə həsr olunmuş müxtəlif tədbirlərin keçirildiyinə diqqəti cəlb edib.

Tədbirdə çıxış edən Azərbaycanın İsveç və Norveç krallıqlarındakı səfiri Zaur Əhmədov Azərbaycan dövlətçiliyinin tarixi, müxtəlif sahələrdə qət edilən inkişaf yolu və ölkəmizin qarşısında duran məsələlər barəsində ətraflı məlumat verərək, azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. Müasir Azərbaycan dövlətinin uğurlarının mərkəzində Heydər Əliyevin böyük xidmətlərinin dayandığını xatırladan səfir ümummilli liderin həyat yolu və siyasi fəaliyyətindən, Skandinaviya ölkələrində onun yüzillik yubileyi münasibətilə silsilə tədbirlər keçirildiyindən danışıb.

Türkiyənin Norveçdəki səfiri Gülin Dinç xalqımızı Müstəqillik Günü və Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrik edib. Heydər Əliyevin görkəmli siyasi və dövlət xadimi olaraq ölkəmizin və bütün türk xalqlarının tarixində tutduğu yerdən söz açıb.

Sonra Azərbaycanın əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun ifasında şeirlər səsləndirilib və Norveçə səfər edən azərbaycanlı sənətçilərin ifasında konsert proqramı təqdim olunub.

Konsertin sonunda Oslo şəhərindəki Nizami Gəncəvi adına Azərbaycan həftəsonu məktəbinin şagirdlərinin ifasında milli rəqslərimizin nümayiş etdirilməsi tamaşaçıların böyük marağına səbəb olub.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info