Mixalko: “Cənubi Qafqaz regionunda sabitlik Aİ və tərəfdaşları üçün vacibdir”

“Avropa İttifaqı Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsini vacib sayır”.

Bunu Ulutv.info-ya report-a istinadən müsahibəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşlərdə iştirakı təkcə marağın deyil, həm də Qafqazda sülh, təhlükəsizlik və rifaha töhfə vermək istəyinin təbii ifadəsidir”, - o bildirib.

Səfir qeyd edib ki, bu, Aİ üçün təbiidir, çünki “Şərq Tərəfdaşlığı”, o cümlədən Cənubi Qafqaz Aİ-nin qonşuluq siyasətinin bir hissəsidir.

“Aİ və tərəfdaşları üçün regionun sabitliyinə nail olunması, təhlükəsizliyinin möhkəmləndirilməsi və gələcəkdə çiçəklənməsi vacibdir”, - P.Mixalko vurğulayıb.

Səfir əlavə edib ki, ötən ilin dekabrında Prezident Şarl Mişelin vasitəçiliyi ilə və bu il keçirilən bir sıra görüşlər sayəsində müəyyən irəliləyiş əldə olunub: “Mühüm məqamlardan biri hər iki tərəfin razılaşdırdığı gündəliyin olması, ardınca gələcək sülh sazişi üzrə danışıqlar, o cümlədən Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası, habelə nəqliyyat əlaqələri və digər məsələlər üzrə birgə komissiyanın yaradılmasıdır”.

Aİ minaların təmizlənməsinə dəstək verməklə bu səyləri və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunması üçün zəruri addımları davam etdirməyə hazırdır.

“Səylərimiz həmçinin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın intensiv işi ilə davam edir”, - P.Mixalko qeyd edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info