Güclü külək Bakıda bir sıra fəsadlar törədib - VİDEO

Ötən gün səhər saatlarından başlayaraq əsən güclü külək Bakı şəhərində bir sıra fəsadlar törədib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Həmin fəsadların dərhal aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilib.
Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Nəsimi rayonu, Azadlıq prospekti, 88 ünvanında yerləşən 22 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində pəncərə çərçivəsinin qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə pəncərə çərçivəsi kənarlaşdırılaraq mümkün ağır fəsadlar aradan qaldırılıb və sakinlərin təhlükəsizliyi təmin edilib.

Bundan başqa, xilasedicilər tərəfindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 20 ünvanında doqquzmərtəbəli yaşayış binasının dam örtüyünün qoparaq asılı vəziyyətdə qalmış hissəsi müvafiq qaydada götürülüb və Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, bina 79a ünvanında yerləşən 21 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinin eyvanında asılı vəziyyətdə qalmış metal parçası bərkidilərək ətrafdakı insanlar üçün yaranmış təhlükə aradan qaldırılıb.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info