Yeni qaz xəttinin paslanmış boruya birləşdirilməsi sızmaya səbəb olub - İDDİA + VİDEO

Qəbələdə yeni qaz xəttinin yeraltı paslanmış boruya birləşdirilməsi səbəbindən sızma baş verdiyi iddia edilib.

Xezerxeber.az-ın məlumatına görə, Qəbələnin Afiyəddin Cəlilov küçəsindəki uzun illər istismar olunaraq yararsız vəziyyətə düşən yeraltı paylayıcı qaz xətləri il yarım əvvəl yenisi ilə əvəzlənib.

Ancaq nədənsə Böyükağa Cəlilova məxsus fərdi yaşayış evinin bünovrəsinin qarşısında yerüstü xətt köhnə yeraltı yararsız boruya qaynaq edilib və paslanmış xəttin kiçik bir hissəsi saxlanıb.

Ev sakini köhnə borudan qaz sızdığını və evin birinci mərtəbəsinə dolduğunu iddia edir. Bununla bağlı müraciət etdiyi Qəbələ Qaz İstismarı İdarəsindən vətəndaşa həmin borunu üzə çıxarmaq üçün kiçik dayaq boruları almağı və betona bərkitməyi məsləhət görüblər. Bunu da edib. Lakin il yarımdır köhnə qaz xətti yenilənmir.

Qeyd edək ki, hazırda yeraltı köhnə xətdən bir neçə qonşuya da qaz verilir və mövcud xətt onlara düşən hissələrdə yararsız vəziyyətdədir.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, 40 millimetrlik boru 20 il əvvəl vətəndaşların öz hesabına çəkilib:

“Əvvəl yerüstü olan həmin borunu məhz vətəndaşlar beton örtüyün altına salıblar. Həmçinin həmin boru “Azəriqaz”ın tikinti idarəsinin çəkdiyi 76 millimetrlik boruya bərkidilib. Sözügedən küçəyə baxış keçirilib və heç bir sızma aşkarlanmayıb”.

Ətraflı süjetdə:

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info