Azərbaycan xarici siyasət kursunda beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib. Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər və beynəlxalq qurumlar tərəfindən də təqdir edilir.
Beləliklə, müstəqil Azərbaycan dövləti bu gün dünyanın bütün ölkələri, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələr yaradıb və münasibətlərin yüksələn xətlə inkişafına xüsusi önəm verir. Qarşılıqlı maraqlar çərçivəsində tənzimlənən əməkdaşlıq həm də ölkəmizin dünyaya inteqrasiya prosesini sürətləndirir.
Məlum olduğu kimi Сari ilin 13 oktyabr tarixində Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycanın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlara xidmət edir. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.
Bişkekdə keçirilən mötəbər tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib. Öz çıxışında bir sıra məqamlara toxunan dövlətimizin başçısı ölkəmizin təşkilat çərçivəsində səmərəli fəaliyyətindən bəhs etdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyinin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. Azərbaycan Müstəqil Dövlətlər Birliyinin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək. Ümumiyyətlə, iqtisadi əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. İqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycan ilə Müstəqil Dövlətlər Birliyi ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur.
Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan növbəti dəfə nüfuzlu beynəlxalq tədbir olan üçüncü MDB Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyi dəstəklənib. Üçüncü MDB Oyunları idman sahəsində əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, birlik məkanında uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaq.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info