Reabilitasiya mərkəzində xəstələrə əzab verənlər yenidən məhkəmə qarşısında - VİDEO

“New Life” reabilitasiya mərkəzinin xəstələrə əzab verməkdə ittiham olunan əməkdaşlarının barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Rzayev 8 il, Orucəli Əliheydərov və Elvüsal Hüseynov 7 il, Qənbər Həsənov 6 il 6 ay, Sərxan Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan başqa, dəymiş ziyana görə, O.Əliheydərovun şəxsi avtomobili, E.Hüseynovun yaşadığı evin ona düşən hissəsi müsadirə olunub.

Qeyd edək ki, “New Life” Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə dünyada narkotik, alkoqol və digər asılılıqların müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub.
Mərkəzin rəhbəri O.Əliheydərov, digər əməkdaşları - E. Hüseynov, F. Rzayev, S.Əliyev və Q. Həsənov pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

İddia olunur ki, işgəncə nəticəsində pasiyentlərdən biri Hüseyn Məmmədov ölüb.

Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib.

Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər. E.Hüseynov, O.Əliheydərov və F. Rzayevə, həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info