Gənclərimiz öz xalqına, vətəninə daim bağlıdır

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Gəncləri Azərbaycanın gələcəyi adlandıran Ulu öndərin imzaladığı fərman və sərəncamlar, onun gənc nəslə olan diqqət və qayğısını bir daha təsdiqlədi. 1994-cü il iyulun 26-da Ümummilli liderin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı.
Fəaliyyətini bilavasitə gənclərlə işə həsr edən belə bir orqanın yaradılması olduqca əhəmiyyətli idi. Gənclər siyasətinin işlənib hazırlanması və uğurla həyata keçirilməsi istiqamətində ciddi addımlar atılmağa başladı. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğuladı. Həmin dövürdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən ehtimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir.
Ulu Öndərin illər öncə əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Həm Ümummilli liderimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Çünki tarix boyu üzləşdiyimiz reallıqlar və Vətən müharibəsindən sonra Azərbaycanın diktə etdiyi reallıq bir daha göstərdi ki, gənc Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”
İkinci vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi. Müharibənin əsas ağırlığı Azərbaycan gəncinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Hər biri öz igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, zəfər dolu döyüş yolu ilə dillərdə dastana döndü. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır.Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab prezidentin "Dəmir yumruq"-u ətrafında sıx birləşdilər.
Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır. Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur. Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa deməli o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımından sağlam olacaqlar. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır.
Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info