Nədən turistlər Azərbaycanı seçmir... Çünki bizlər Azərbaycanı sevmirik... -

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Tovuz rayonu ərazisindəki “Nazlı bulaq”, Göygöl rayonu ərazisindəki “Göygöl” istirahət mərkəzlərindən ətrafa tullantıların atıldığı və çirkab axıdıldığı, Ağcabədi şəhərində fəaliyyət göstərən “Ucuzluq" marketdə formalaşan tullantıların isə yandırıldığı müəyyən edilib.

DİA.AZ-ın məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı “Nazlı bulaq” istirahət mərkəzinin icarədarı Akif Məhərrəmov, “Göygöl” istirahət mərkəzinin sahibi Məmməd Süleymanov və “Ucuzluq" marketin nümayəndəsi Təbriz İsmayılov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

“Gələcəkdə belə hallara yol verilməməsi üçün hər üç obyektin sahibinə məcburi göstəriş verilib”, - o deyib.

Bütün bunlar gözəldir. Və təqdirəlayiqdir ki, ETSN əməkdaşları az-çox öz işlərinin öhdəsindən gəlməyə çalışırlar. Amma digər əlaqədar qurumlar isə rəsmən yatıblar. Məsələn elə Göygöl rayonu, Toğanalı kəndinin bələdiyyəsi və yaxud da həmin kəndə baxan bələdiyyə...

DİA.AZ olaraq aşağıda təqdim etdiyimiz fotolar Göygöl-Toğanalı yolunun üstündəki "Gəncəbasar" Ailəvi (guya ki...) İstirahət Mərkəzindən və Toğanalı kəndinin içindən keçən çaydan çəkilib. Fotolardan da göründüyü kimi əslində çox gözəl təbii gözəlliyə malik olan bu ərazilər məhz əlaqədar qurumların baxımsızlığının və öz vəzifələrini yerinə yetirməmələrinin qurbanıdır...

Hər halda, sonra deməyin ki, nədən turistlər Azərbaycanı seçmir... Çünki bizlər Azərbaycanı sevmirik...





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info