Təhlükəsizlik tələblərinə cavab verməyən liftin istismarı dayandırılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftin istismarını dayandırıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8, bina 33 ünvanında yerləşən “Main” Mənzil Tikinti Kooperativinə (MTK) məxsus çoxmərtəbəli yaşayış binasında liftin qəzalı vəziyyətdə istismar olunması barədə müraciət daxil olub.

Vətəndaş müraciəti ilə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib. Baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Main” MTK qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı MTK rəhbərliyinə izah olunub. Eyni zamanda bildirilib ki, liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə MTK rəhbərliyi məsuliyyət daşıyır.



UluTv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info