Məcburi hicaba etiraz edən güneyli fəal həbs olundu

Güney Azərbaycanın Qəzvin şəhərindən olan ictimai fəal Suru Babayi Çəgini ötən axşam İranın əmniyət gücləri tərəfindən tutularaq naməlum yerə aparılıb.

Ulutv.info milli.az-a istinadən xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, 2 qadın və 6 kişidən ibarət ETTELAAT-çılar Suru Babayinin qardaşının evinə hücum çəkərək xanım fəalı həbs ediblər. Onlar evdə qanunsuz axtarış apararaq fəalın və onun övladlarının mobil telefonlarını, kompüterlərini müsadirə ediblər.

Xanım Babayinin həbsinin səbəbi onun "məcburi hicaba yox" kampaniyasına qoşulması və əri Məhəmmədrza Muradbehruzi ilə birlikdə sosial şəbəkələrdə video paylaşması olub.

Qəzvinli fəal paylaşdığı videoda yaylığını başından çıxararaq "məcburi hicab istəmirik" məzmunlu çıxış edib.

Xatırladaq ki, Suru Babayi Çəgini və onun həyat yoldaşı daha öncə də dinc mədəni və ictimai fəaliyyətlərinə görə dəfələrlə basqılara məruz qalıb.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info