"Hürriyyət"ə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsindən şikayət etdi, 2-3 gün sonra HƏBS OLUNDU - TƏFƏRRÜAT

İdarənin Cənub Regional Şöbəsində baş verən dəhşətləri, kimlər tərəfindən döyüldüyünü, təhqirlərə məruz qaldığını danışan Ramin Axundov barəsində cinayət işi açılıb

Prezidenti İlham Əliyev başda olmaqla, bütün müvafiq qurumların yetkili şəxslərinə müraciət edən və onlardan yardım istəyən Lənkəran sakini hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır

Bugünlərdə, daha dəqiq desək, iyulun 5-də Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi 46/1, mənzil 28-də yaşayan, Lənkəranın Böyük Bazarında icarəyə götürdüyü dükanda ticarətlə məşğul olan Ramin Vaqif oğlu Axundovun "Hürriyyət"in redaksiyasına müraciəti əsasında "Lənkəran sakininə polis idarəsində işgəncə verilib" başlıqlı məqalə yayımlanıb.

Qeyd edək ki, müraciətində Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində baş verən dəhşətlərdən danışan Ramin Axundovun iddiasına görə, adıçəkilən şöbəsinin bir qrup əməkdaşı ona qarşı qanundankənar əməllərə yol verib, Lənkəran Rayon Prokurorluğu isə baş verən cinayətlərə göz yumub:"DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində çalışan Aqil adlı əməliyyatçı təpik və yumruqla məni döyməyə başladı, ağır söyüşlərlə təhqir etdi. O, məndən narkotik maddə satmağımı etiraf etməyimi tələb etdi. Narkotiklə məşğul olmadığımı dedikdə məni daha da şiddətli şəkildə döyməyə başladı". Daha sonra Xəyal adlı əməliyyatçının otağına aparıldığını deyən Ramin Axundov bildirib ki, adıçəkilən əməliyyatçı onun narkotik maddə satıb-satmadığının heç bir əhəmiyyətinin olmadığını, şöbəyə gətirilibsə mütləq şəkildə pul verməli olduğunu, əks halda oradan çıxa bilməyəcəyini deyib:"Beləcə, Xəyal adlı əməliyyatçı məndən pul tələb etməyə başladı. Mən pulum olmadığını dedikdə, Xəyal idarə etdiyim "Mercedes" markalı avtomobili satmağımı tələb etdi və hətta maşınıma təcili müştəri də tapdı. Daha sonra evimə zəng vurub üzərimdən narkotik maddə tapıldığını dedilər, evdəkilər isə bunun yalan olduğunu söylədilər. Ardınca məni şöbənin zirzəmisinə saldılar, heç bir səbəb, hüquqi əsas olmadan axşam saat 11-dək orada saxladıqdan sonra buraxdılar. Bir qədər sonra öyrəndim ki, yeznəmiz İlkindən 4500 manat pul alıblar. İlkinlə danışıb nə üçün onlara pul verməsini soruşdum. O dedi ki, polislər üstümdən narkotik maddə çıxdığını bildirib və buna görə də pul verilməsə məni həbs edəcəklərini qeyd ediblər". Sözügedən 4500 manatın DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində çalışan Xəyal adlı əməliyyatçıya verildiyini vurğulayan şikayətçi qeyd edib ki, bundan əlavə, özünün və ailə üzvlərinin həyatları ilə təhdid olunduğu üçün o da 3000 manat vermək məcburiyyətində qalıb:"DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində mənə olmazın işgəncələr verildi, saatlarla döyüldüm, bu da azmış kimi, ağır ifadələrlə təhqir olundum. Daha sonra isə özümün, ailə üzvlərimin, övladlarımın həyatları ilə təhdid olunduğum, hədə-qorxuya məruz qaldığım üçün sərbəst buraxılmağım naminə 3000 manat vermək məcburiyyətində qaldım. Ancaq evə qayıtdıqda öyrəndim ki, məndən əlavə yeznəmiz İlkindən də sərbəst buraxılmağım üçün 4500 manat alıblar. Bu səbəbdən də Xəyal adlı əməliyyatçıya zəng vurub pulu istədim. O isə mənə hədə-qorxu gəldi, başıma torba keçirəcəyini, həbsə göndərəcəyini deyib ağır söyüşlər söydü. Bu danışıqların hamısını telefona yazmışam". Ramin Axundov həmçinin, qeyd edib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətovun qəbulundan çıxdıqdan bir neçə gün sonra yenidən polis əməkdaşları tərəfindən döyülüb və təhqirə məruz qalıb.



Onu da nəzərinizə çatdıraq ki, üzləşdiyi haqsızlıqla, daha doğrusu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin bir qrup əməkdaşının ona qarşı qanundankənar əməllərə yol verməsi və Lənkəran Rayon Prokurorluğunun baş verən cinayətlərə göz yumması ilə bağlı "Hürriyyət" qəzeti vasitəsiylə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla, bütün müvafiq qurumların yetkili şəxslərinə müraciət edən və onlardan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin adıçəkilən əməkdaşları barəsində qanuni tədbir görülməsinə, vurulan zərərin ödənilməsinə yardımçı olmalarını xahiş edən Ramin Axundov hazırda Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bu barədə redaksiyamıza verilən məlumatda deyilir ki, "Hürriyyət" qəzetində dərc olunan və Hurriyyet.az saytında yayımlanan həmin məqalədən sonra Ramin Axundov məsələnin araşdırılması adı ilə polisə çağırılıb. Ona döyülməsinə dair ekspertiza rəyinin Lənkəran Rayon Polis Şöbəsində olduğu bildirilib və rəyi götürməsi üçün polisə dəvət olunub. Ramin Axundov da öz növbəsində polisə yollanıb və həmin andan sonra 2-3 gün ərzində ondan xəbər-ətər olmayıb. Ailəsi nigaran halda Lənkəran Rayon Polis Şöbəsinə müraciət etdikdə "Ramin burdadır, narahat olmayın, tezliklə buraxılacaq" deyilib. Lakin bir qədər sonra məlum olub ki, Ramin Axundov barəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə cinayət işi açılıb və Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına aparılıb. Verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsindən deyilib ki, Lənkəran sakini narkotik maddə istifadə edərkən saxlanılıb və sorğu-sual zamanı narkotik maddəni qonşusu Ramin Axundovdan aldığını bildirib. Buna görə də onun barəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açılıb.

Doğrudan da olduqca maraqlı və bir o qədər də ürəkağrıdıcı mənzərədir. Fikir verin, Ramin Axundov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində baş verən dəhşətləri, kimlər tərəfindən döyüldüyünü, təhqirlərə məruz qaldığını "Hürriyyət"ə danışır, prezidenti İlham Əliyev başda olmaqla, bütün müvafiq qurumların yetkili şəxslərindən yardım istəyir, üzərindən 2-3 gün sonra isə saxlanılır, barəsində cinayət işi açılıb Kürdəxanaya göndərilir. Yəqin, razılaşarsınız ki, Ramin Axundovun məhz bu məqamda, yəni "Hürriyyət"ə danışdıqdan sonra saxlanılması ciddi şübhələr doğurur. Baxın, adam redaksiyamıza gəlir və üzləşdiyi müsibətləri xırdalığınadək danışır, polis əməkdaşları tərəfindən döyüldüyünü, söyüldüyünü deyir və aidiyyatı orqanlardan yardım istəyir. Ardınca barəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açılır və həbs olunur. Sizcə, burda qəribə heç nə yoxdur?! Ümid etmək istərdik ki, Ramin Axundovun həbsində yardım istədiyi müvafiq qurumların bu və digər formada iştirakı yoxdur.

"Hürriyyət"in Araşdırma Qrupu

P.S. Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info