DYP-nin zərərçəkmiş kimi tanıdığı şəxsə niyə sığorta pulu verilmir

Bakı sakini Pərviz Əliyev “Xalq Sığorta” tərəfindən hüquqlarının pozulduğunu iddia edir.

Ulutv.info qafqazinfo-ya istinadən müraciət edən vətəndaş bildirib ki, problem iyulun 15-də Xarici İşlər Nazirliyinin yaxınlığında baş verən qəzadan sonra yaranıb.

Dövlət Yol Polisi tərəfindən P.Əliyev hadisə üzrə zərərçəkmiş kimi tanınıb: “Maşın Xarici İşlər Nazirliyinin yanında park yerində dayanmışdı. İki maşının qəzası nəticəsində maşınım zərər çəkdi. Sığorta şirkətinə zəng elədim, gəlib baxış keçirib maşının şəklin çəkib qiymətləndirməyə getdilər. Qiymətləndirmədə mənim maşınıma dəymiş ziyana görə 500 manat veriləcəyi deyildi. Halbuki maşına 1000 manata yaxın zərər dəyib. Ona görə etiraz etdim, dedim ki, şikayət edəcəm. Dedilər, şikayət etsən, o pulu da verməyəcəyik. Səhəri gün 500 manatı götürməyə gedəndə onu da verməkdən imtina etdilər. Səbəb kimi avtomobili əsas etibarnamə ilə yox, sürmək üçün verilən etibarnamə ilə idarə etməyimi göstərdilər. Halbu ki DYP bu iş üzrə məni zərərçəkmiş kimi tanıyıb”.

Məsələ ilə bağlı “Xalq Sığorta”dan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sığorta ödənişinin Pərviz Əliyevə verilməsindən Mülki Məcəllənin 927-ci maddəsinə əsasən imtina edilib: “Qanunvericiliyin tələbinə görə, faydalanan şəxs sığorta hadisəsi baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi faydalanan şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda yol verilir.

Nəzərinizə çatdırırıq ki, tərəfimizdən sığorta ödənişinin verilməsindən imtina edilməyib, yalnız sığorta ödənişinin qanunvericiliyin tələbi nəzərə alınaraq faydalanan şəxsə hansı qaydada ödənilə biləcəyi barədə məlumat verilib”.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, yol nəqliyyat hadisəsi baş verərkən polis hadisə yerində təqsirkar sürücü və zərərçəkəni müəyyən edir, sığortaçıya zərərçəkənə ödənişin aparılması üçün Forma 4 arayışını və müvafiq sənədləri onlayn qaydada sistem üzərindən təqdim edir və bundan sonra 7 gün ərzində sığortaçının müəyyən etdiyi zərərlə bağlı ödəniş vətəndaşa ödənilməlidir: “Nəqliyyat vasitəsi hadisə törətdikdən sonra sığortaçının zərərçəkənə ödəniş etməməsi üçün 3 hal var: Sürücü hadisə yerindən yayındıqda, avtomobil sərxoş halda idarə olunduqda və sürücülük hüququ olmadan etibarnaməsiz idarə olunduqda. Hətta bu halda belə zərərçəkmişə ödəniş edilir. Daha sonra həmin məbləğ zərəri vuran şəxsdən subroqasiya qaydasında geri alınır.

Bəzi hallarda vətəndaşlar bizim səlahiyyətimizə aid olmayan məsələlərlə bağlı polisə müraciət edirlər. Misal üçün sığortanın məbləği gecikir və ya istədiyimiz məbləği yəni zərəri real ziyanı ödəmirlər. Bir daha bildirirəm ki bu məsələlər bizim səlahiyyət dairəmiz deyil. Sürücülük etibarnaməsi ilə zərərçəkənə ödənişin edilməməsinə gəlincə, bu da mülki hüquqi mübahisədir. Amma onu deməliyəm ki, İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin qeyd hissəsi bu məsələlərə aydınlıq gətirib. Yəni zərərçəkənin bu məqamda sahiblik hüququ aydın göstərilib ki, polis də bu sənədləri qanunauyğun təqdim edib”.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info