Bizi nəinki Musabəyov, heç sadə vətəndaşlar da bəyənmir, çünki…

Deputat Rasim Musabəyov deyib ki, Paşinyan ağıllı siyasətçi ola bilməz, çünki o keçmişdə jurnalist olub. Mən də deyirəm ki, Paşinyan kimdən ağıllı olmasa da, Rasim Musəbəyovdan qat-qat ağıllıdır ki, sadə jurnalistlikdən gəlib bir ölkənin rəhbəri olmağı bacarıb.
Rasim Musəbəyov isə Prezidentin müşaviri postundan azad ediləndən sonra, öz komsomol əqidəsini dəyişərək, millətçi partiyaya üzv olub və onun funksionerlərindən birinə çevrildi. Sonra da əqidəsini YAP-a sataraq, mandatla mükafatlandırılıb. Uzun illərdi ki, “lal deputat” statusunda havayı maaş alır. İndi belə adam jurnalistləri bəyənmir?..
Tarixdə keçmişi jurnalist olan bir çox dünya şöhrətli dövlət xadimləri var. Bu baxımdan da Rasim Musəbəyovun müqayisəsi olduqca uğursuzdur.
Rasim Musəbəyov Paşinyanla müqayisəni Azərbaycan jurnalistlərinə verdiyi qiymət kontekstində dəyərləndirib. Çünki o, bizim toplumun bir parçasıdır. Rastlaşdığı da daha çox bizim ölkənin jurnalistləridir.
Tam səmimiyyətilə deyirəm ki, bu fikir təsadüfən səslənməyib. Deputat yuxarı eşalanlorda, öz çevrəsində jurnalistlərə bəslənən münasibətdən doğan əsl mənzərəni çaşaraq publik şəkildə ifadə edib. Burada biz jurnalistlərin də böyük təqsiri var.
Çünki sahəmizdə baş alıb gedən haqsızlığa, istedadsızların yuxarı başlarda əyləşdirilməsinə, imtiyazlarla təmin edilmələrinə, Prezidentin Sərəncamı ilə bizim üçün tikilən binanın təyinatını qanunsuz şəkildə dəyişməsinə etirazımızı edə bilməməklə dişsiz bir kateqoriyaya çevrilmişik. Bizi nəinki Musabəyovlar, heç sadə vətəndaşlarda bəyənmir. Çünki normal jurnalistika ilə deyil, baş qatmaqla məşğul olmağa vadar edilmişik…
Məhəmmədəli Qəribli
Teref.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info