Jurnalistlər Vaqnerin yeni başçısının müəyyən edildiyini deyirlər

Rusiyanın Vaqner özəl hərbi şirkətinin Belarusda olan birləşməsinə Ukraynanın Çernovtsı vilayətində doğulmuş 46 yaşlı Sergey Çubkonun başçı təyin edildiyi məlum olub.

Bunun All Eyes on Wagner layihəsinin və Belarusun Naşa Niva saytının birgə təhqiqatı zamanı məlum olduğu deyilir.

İyulun 19-da Vaqnerin Belarusun Osipoviçi vilayətindəki düşərgəsində çıxış edərkən şirkətin təsisçisi Yevgeni Priqojin demişdi ki, döyüş ləqəbi Pioner olan Sergey adlı muzdlu “Belarus istiqaməti üzrə başçı” təyin edilib.

Vaqnerin fəaliyyətlərini izləyən All Eyes on Wagner layihəsinin iştirakçıları söhbətin Sergey Vladimiroviç Çubkodan getdiyini bildiriblər.

Öz növbəsində Belarusun Naşa Niva saytının jurnalistləri Çubkonun 1977-ci ildə Ukraynanın Çernovtsı şəhərində hərbçi ailəsində anadan olduğunu müəyyənləşdiriblər. Onun atasının Əfqanıstanda döyüşdüyü bildirilir.

SSRİ dağılandan sonra

Sayt yazır ki, SSRİ dağıldıqdan sonra Çubko ailəsi Rusiyanın Novorossiysk şəhərinə köçüb. 1994-2002-ci illərdə orta məktəbdə oxuyandan sonra Sergey Çubko müqaviləli xidmətdə olub və Çeçenistanda döyüşüb.

O Rusiya silahlı qüvvələrindən tərxis olunduqdan sonra bir özəl şirkətin mühafizə xidmətində işə düzəlib.

Təhqiqat jurnalistləri qeyd edirlər ki, Sergey Çubko 2003-cü ildə Novorossiysk meriyasında gənclərlə iş üzrə komitəyə başçılıq edib, 2005-ci ildə Mışak kənd dairəsi başçısının administrasiyasında müavin olub.

Təhqiqat hesabatında deyilir ki, Çubko 2017-ci ildə Vaqner özəl hərbi şirkətinə daxil olub, bundan sonra Suriya və Liviyada döyüşüb.

Onun məhz Liviyada Vaqner mənzil qərargahının başçısı təyin olunduğu qeyd olunur.

O 2021-ci ildə Vaqner qrupunun Mərkəzi Afrika Respublikasındakı birləşməsinin əməliyyat rəisi olub.

Vaqnerçilər Belarusda

Vaqner muzdluları Belarusa şirkətin təsisçisi Yevgeni Priqojinin yarımçıq qiyamından sonra, iyunun sonlarından köçməyə başlayıblar.

Belaruski Qayun teleqram kanalı yazırdı ki, iyulun 23-də Belarusa Vaqnerin 11-ci kolonu gəlib.

Kanal bildirir ki, muzdluların Belarusa keçirilməsinin intensiv dövrü 15-19 iyul günlərinə təsadüf edib.

Xəbər verilir ki, vaqnerçilərin Belarusa gətirilməsi kiçik dəstələrlə indiyədək davam edir.

Polşa üçün hədə

Rusiya Müdafiə Nazilriyi iyulun 12-də bildirmişdi ki, Vaqner hərbi özəl şirkətindən Т-90, Т-80, Т-72BZ tankları, Grad və Uragan zenit-raket qurğuları, 2.5 min ton müxtəlif sursat və 20 min avtomat silah da daxil iki mindən ədəddən çox texnika və silahı təhvil alıb.

Hazırda Vaqner özəl hərbi şirkətinin əsas bazası Osipoviçi şəhərinin yaxınlığında yerləşir.

İyulun 20-də Belarusun Müdafiə Nazirliyi bildirmişdi ki, ölkənin silahlı qüvvələri vaqnerçilərlə birgə hərbi təlim keçirəcəklər. Təlimin Polşa sərhədinin yaxınlığındakı Brestski poliqonunda keçiriləcəyi bildirilmişdi.

Buna cavab olaraq Polşa bildirmişdi ki, vəziyyəti diqqətlə monitorinq edir və “hər cür ssenarilərə” hazırdır.

Rusiyanın “qeyri-rəsmi” əsgərləri

Vaqner özəl hərbi şirkəti Rusiya ordusunun qeyri-rəsmi bölməsidir. Onu Kremlə yaxınlığı ilə tanınan oliqarx Yevgeni Priqojin təsis edib.

Qurumun Rusiyanın Müdafiə Nazirliyi ilə bağlılığının olmadığı iddia edilirdi.

Lakin vaqnerçilər Rusiyanın Suriyada, Afrikada, habelə Ukraynada keçirdiyi hərbi əməliyyatlarda fəal iştirak edirlər.

Onların Ukraynada çoxsaylı hərbi cinayətlər törətdikləri deyilir.

ABŞ Vaqner özəl hərbi şirkətini transmilli cinayətkar təşkilat elan edib, onun rəhbərliyinə sanksiyalar qoyub.

Vaqnerə qarşı habelə Avropa İttifaqı sanksiyalar tətbiq edir. ATƏT-in Parlament Assambleyası Vaqneri terrorçu təşkilat kimi tanıyan qətnamə qəbul edib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info