Lənkəran məktəbliləri ilə maarifləndirici görüş keçirilib

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 7 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.


Əvvəlcə tədbir iştirakçıları Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edən Lənkəran ŞPRŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu bildirib. Davamlı şəkildə həyata keçirilən tədbirlər və əldə olunan effektiv nəticələr diqqətə çatdırılıb.

Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.

Daha sonra mövzu ətrafında çıxışlar dinlənilib və məktəblilərin sualları cavablandırılıb. Sonda isə narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirlər barədə videoçarx izlənilib.


Ulutv.info



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info