Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının VI Qurultayı keçirilib

İstanbul şəhərində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) VI Qurultayı keçirilib.

Qurultayda qardaş ölkədə fəaliyyət göstərən TADEF üzvü olan 23 Azərbaycan dərnəyinin 82 nümayəndəsi, qeyri-hökumət təşkilatlarının və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Qurultayın açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Komitənin Aparat rəhbəri Daşqın Rəcəbli, TADEF-in sədri Ədalət Turan, Bilkent Universitetinin professoru Əmrullah Məmmədov və başqaları çıxış ediblər.

Bildirilib ki, xalqımız hər zaman öz dövləti və Prezidenti ilə qürur duyur. “Azərbaycan 30 illik işğala 44 gündə son qoydu. Buna görə ilk növbədə Prezidentimiz İlham Əliyevə və hər zaman ölkəmizə qardaş dəstəyi göstərən, daim Azərbaycanın yanında olan Türkiyə dövlətinə və Prezident Rəcəb Tayyib Ərdoğana borcluyuq. Bizim bu gün güclü ordumuz, qəhrəman övladlarımız var. Vətən müharibəsi bunun ən böyük sübutudur. Bütün bunlar türk millətinin qürurudur”, - deyə vurğulanıb.

Qeyd edilib ki, ölkələrimiz Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarını rəhbər tutaraq daim birgə irəli addımlayır. Bu baxımdan Türkiyə və Azərbaycan diasporunun birgə hərəkət etməsinin önəminə diqqət cəlb edilib. “Bu gün Türkiyə-Azərbaycan münasibətləri öz tarixi zirvəsini yaşayır. Bunun memarları isə dövlət başçılarımızdır”, - deyə nəzərə çatdırılıb.

Tədbirdə V qurultaydan sonra görülən işlərin hesabatı verilib. Diasporun fəaliyyətinə dair həyata keçirilməsi nəzərdə tutulan layihələr planı və digər məsələlər müzakirə olunub.

Qurultay iştirakçıları dünya azərbaycanlılarına, o cümlədən Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür və dəstək məktubu ünvanlayıblar.
Səsvermə nəticəsində federasiyanın yeni idarə heyəti müəyyən olunub. TADEF-in sədri vəzifəsinə növbəti dəfə Ədalət Turan seçilib.

Qeyd edək ki, TADEF-in yeni seçilmiş İdarə Heyətin üzvləri və qurultay iştirakçıları İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında müasir Azərbaycan dövlətinin qurucusunun heykəlini ziyarət ediblər. Azərbaycanın və türk dünyasının görkəmli dövlət xadiminin abidəsinin önünə gül dəstələri düzülüb və əziz xatirəsi böyük ehtiramla yad edilib.

Sonra qurultay iştirakçıları Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün büstünü ziyarət ediblər. Türkiyənin və türk dünyasının böyük öndərinin büstünün qarşısına gül dəstələri düzülüb, əziz xatirəsi böyük ehtiramla yad edilib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info