İşğaldan azad olunmuş ərazilərdə könüllü proqramına start verilir

2020-ci ildə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan əsgərinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qalib gəlməklə ölkəmizin ərazi bütövlüyü bərpa olundu.


ULlutv.info trend-ə istinadən bildirir ki, şanlı tariximizin ən parlaq səhifələrindən olan bu zəfər nəticəsində insanlarımız uzun illər həsrətini çəkdikləri doğma ata-baba yurdlarına qayıtmaq imkanı əldə ediblər.

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında böyük Zəfərdə gənclərin həlledici rolunu vurğulamış və Azərbaycan gəncinin Böyük qayıdış prosesində iştirakının əhəmiyyətini qeyd etmişdir. Gənclərin öz doğma torpaqlarının bərpasında oynayacaqları rol çox önəmlidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı işğaldan azad olunmuş ərazilərdə könüllü proqramına gənclərin qəbuluna başlayır!

Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir. Proqramın ilkin olaraq Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində həyata keçirilməsi və tədricən digər rayonları da əhatə etməsi nəzərdə tutulur.

Proqram çərçivəsində könüllülər Ağdam rayonu ərazisində müxtəlif könüllü fəaliyyətlərinə, o cümlədən, mütəmadi olaraq Ağdamda keçiriləcək tədbirlərin təşkilində iştirak, Ağdama səfər edən yerli və xarici qonaqlarla iş, bərpa və yenidənqurma işlərinə dəstək, qayıdışa hazırlıq və məskunlaşmaya dəstək və Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.

Proqrama qoşulmaq istəyən 18-29 yaş arası, əslən Ağdam rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq agdam.konullu.az veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilər!

Son müraciət tarixi və vaxtı:

17 sentyabr 2022-ci il, saat 23:59

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info