İqtisadiyyat Nazirliyində Türkmənistan səfiri ilə görüş keçirilib

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov və Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov arasında görüş keçirilib, iqtisadi-ticarət əməkdalığının genişləndirilməsi perspektivləri müzakirə edilib.

Nazir Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edərək uğurlar arzulayıb. Qeyd olunub ki, Azərbaycan-Türkmənistan münasibətləri davamlı olaraq inkişaf edir, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquq bazası yaradılır, iqtisadi-ticarət əlaqələri güclənir.

Bildirilib ki, nəqliyyat-tranzit sahəsi tərəfdaşlığımızın əsas istiqamətlərindəndir və yaradılmış əlverişli infrastruktur və potensialdan səmərəli istifadə regionun inkişafına töhfə verir. Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkmənistandan keçir, bu da ölkələrimizi transkontinental nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri barədə məlumat verilib, energetika, investisiya, nəqliyyat, ticarət, kommunikasiya və digər sahələrdə əlaqələrin inkişafı imkanları diqqətə çatdırılıb.
Səfir Qurbanməmmet Elyasov ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib, tərəfdaşlığın daha da gücləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb.

Tərəflər birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, iqtisadi sahədə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.


Ulutv.info



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info