Körpələrdə dəmirdefisitli anemiya

Anemiya (latın dilindən tərcümədə - "qanazlığı") ilə xəstə olan uşaqlarda qanın tərkibində hemoqlobinin və onun daşıyıcıları olan eritrositlərin - "qırmızı qan hüceyrələrinin" azalması müşahidə edilir.


Eritrositlər - qan hüceyrələrindən olub insan orqanizminin normal fəaliyyəti üçün vacib olan oksigenin ağciyərlərdən bütün orqan və toxumalara daşınmasını təmin edir. Oksigen olmadan insan orqanizminin mövcud olması mümkün deyil. Oksigeni ağciyərlərdə özünə birləşdirən eritrositlərin tərkibində olan zülal hemoqlobin onu daşıyaraq toxuma hüceyrələrinə paylayır. Qanı qırmızı rəngə boyayan da məhz hemoqlobindir. Orqanizmdə hemoqlobin hazırlanması üçün bədənə müxtəlif qida məhsulları vasitəsi ilə dəmir (Fe) elementinin daxil olması tələb olunur.

Anemiya nəticəsində orqanizm özünə lazım olduğundan daha az miqdarda oksigen aldığı üçün onlarda müxtəlif orqanlarda (ürək, beyin və s.) müxtəlif dərəcəli pozğunluqlar meydana çıxır, uşagın immuniteti zəiflədiyi üçün o daha tez-tez hallarda infeksion xəstəliklərə yoluxur.

Körpə uşaqlarda anemiyanın baş verməsinin əsas səbəbi natamam qidalanma (tərkibində dəmir elementi az olan qidalarla qidalanma) hesab edilir. Dəmir elementi çatışmazlığı nəticəsində inkişaf edən anemiyaya dəmirdefisitli anemiya deyilir.

Dəmirdefisitli anemiyadan əksər hallarda azyaşlı uşaqlar əziyyət çəkirlər. Onların qidası süddür ki, onun da tərkibində dəmir elementi çox az olur. Məhz dəmir çatışmazlığı nəticəsində uşaqların qanında hemoqlobin azalır.

Qanda hemoqlobinin miqdarının 100-109 q/litr həddində olması subanemiya sayılır və xüsusi müalicə tələb etmədən pəhrizin köməyilə (meyvə, şirələr, ət, qarabaşaq və s.) qaydasına düşür.

Uşağın qanında hemoqlobinin miqdarının 100 q/litrdən aşağı olması həqiqi anemiya hesab olunur və mütləq müalicə tələb edir. Bunun üçün həkim dəmir preparatları təyin edir. Dəmirdefisitli anemiyaya vaxtında diaqnoz qoyularsa, onun müalicəsi düzgün aparılarsa və uşağa düzgün pəhriz təyin edilərsə, bu xəstəlikdən tamam xilas olmaq olar.

Dəmirdefisitli anemiyanın profilaktikası üçün uşaqların qidasına tələb olunan vaxtda (həyatının 6 aylığından) meyvə və tərəvəzlər, ət (həyatının 6 aylığından) əlavə etmək lazımdır.

Uşağa süd verən ana da öz qidasında dəmir ilə zəngin olan qidaların kifayət qədər olmasına fikir verməlidir. Ət, qaraciyər, qarabaşaq, alma, banan, xurma, nar, ərik qurusu, bal və s. məhsullar dəmir elementi ilə zəngin olan qida maddələri hesab edilirlər.\\milli.az



Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info