“Ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin tətbiqi və “Dayanıqlılıq Hesabatı”na” dair təlim keçirilib - FOTO

BMT-nin İnkişaf Proqramının Azərbaycanda Nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə dəstəyi ilə həyata keçirilən “İnkişafın maliyyələşdirilməsi” layihəsi çərçivəsində “Ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin tətbiqi və “Dayanıqlılıq Hesabatı”na dair seminar təşkil olunub. Seminarda bank sektorunu, beynəlxalq təşkilatları, özəl sektoru və aidiyyəti dövlət orqanlarını təmsil edən 50-dən çox nümayəndə iştirak edib.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov BMT-nin qlobal Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəliklərin həyata keçirilməsinin Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu, ötən müddət ərzində ölkədə sosial, iqtisadi, ətraf mühit sahələrini əhatə edən 30-dan çox dövlət proqramları, strategiyalar və tədbirlər planlarının DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya edildiyini bildirib. Qeyd olunub ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioriteti 2030-cu ilədək Azərbaycan üçün əsas istiqamətlərdən biri olaraq təsdiq edilib. “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da təbii resurslardan dayanıqlı və davamlı istifadənin təmin olunması, elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa edilən enerji mənbələrinin payının artırılması (2026-cı ilədək 24%-ə çatdırılması) ilə bağlı hədəflər nəzərdə tutulur.

Seminarda Sahibkarlığın İnkişafı Fondunun sədri Osman Xalıyev və Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov ESG prinsiplərinin əhəmiyyəti barədə məlumat veriblər. Bildirilib ki, bu prinsiplərin köməyi ilə bizneslər ətraf mühitə qayğı göstərməyə, “yaşıl” və “sosial məsuliyyətli” ideyalar həyata keçirməyə təşviq olunacaqlar. Belə ki, fəaliyyətində ESG standartlarını tətbiq edən şirkətlərin maliyyə mənbələrinə əlçatanlığının artırılması, habelə daha sadələşdirilmiş kredit şərtlərindən istifadə ilə bağlı tədbirlər həyata keçirilə bilər və ya reytinqi aşağı olan şirkətlərin kredit alması məsələləri çətinləşdirilə bilər.

Seminar çərçivəsində ekspert Deniz Erkus tərəfindən iştirakçılar üçün ESG prinsiplərinin tətbiqi və Dayanıqlılıq Hesabatlarının hazırlanması metodologiyası üzrə təqdimat keçirilib və iştirakçıların sualları cavablandırılıb.


Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info