Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb

BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) ilə Azərbaycan Respublikası Hökuməti arasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb.
Sənədi Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, BMT tərəfdən isə BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) Baş direktoru Gerd Müller imzalayıblar.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov UNIDO-nun sənayenin davamlı inkişafının təşviqi isiqamətində tədbirlərinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması Azərbaycan Respublikasının sosial-iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan, ötən ilin martında imzalanmış BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda hazırda həyata keçirilən 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası da BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyi ilə sıx uzlaşır. Nazir diqqətə çatdırıb ki, bu gün imzalanan sənəddə ətraf mühit və enerji səmərəliliyi, təmiz istehsal kimi vacib sahələrə üstünlük verilir və bu, ölkəmizin “yaşıl” artım məkanına çevrilməsi prioritetinə uyğundur.
UNİDO-nun Baş direktoru Gerd Müller Azərbaycanın son illər əldə etdiyi uğurları qeyd edib, Çərçivə sənədinin ixtisaslaşmış beynəlxalq qurum kimi UNIDO ilə əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycanın sənaye potensialının daha geniş reallaşmasına töhfə verəcəyini vurğulayıb.

Ulutv.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info