SHXÇ üzrə Dövlət Xidmətinin rəisi Salyanda vətəndaşları qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2023-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov yanvarın 26-da Salyanda Hacıqabul, Neftçala, Salyan rayonlarından və Şirvan şəhərindən olan vətəndaşların qəbulunu həyata keçirib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub.

Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 20 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, təkrar tibbi müayinəyə cəlb olunma, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi, eləcə də digər məsələlər ilə bağlı olub.

Qəbul zamanı vətəndaşların müraciətlərinin həlli ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah edilib, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info