Xalqı dövlətdən narazı salan amillər - VİDEO+FOTO

30 ildən çoxdur ki, Ermənistan tərəfi cəbhə xəttində mütəmadi olaraq, atəşkəsi pozur, təxribatlar törədir.
Bu dəfə də törətdikləri növbəti təxribat nəticəsində daha bir şəhid verdik.

Allah rəhmət eləsin.


2020-ci il İkinci Vətən müharibəsindən bugünə qədər sülh danışıqları tam nəticəyə varmadığı, ölkə başçısının bu istiqamətdə durmadan çalışdığı, danışıqlar apardığı, həmçinin müstəqilliyimizi qısqanan, sərvətlərimizdə gözü olan digər qonşu ölkələrlə vəziyyətin gərginləşdiyi bir vaxtda ölkə prezidenti İlham Əliyevin ölkəni xarici düşmənlərdən qorumaq üçün bütün gücünü səfərbər etdiyi və bu istiqamətdə var gücü ilə səylərini davam etdirdiyi faktı danılmazdır.

Lakin, təəssüflər olsun ki, belə həssas dönəmdə ölkənin daxilində bir çox səlahiyyətli şəxslər sanki qərəzli şəkildə qanunları kobudcasına pozur, yerli əhalini qanunlardan narazı salır - dolayısıyla hakimiyyətə qarşı çıxarmağa çalışırlar.

Təbii ki, bizə bu cür düşünməyə əsas verən səbəb birinci növbədə istər kiçik, istərsə də böyük səlahiyyət sahiblərinin maddi vəsaiti qanunlardan üstün tutaraq, qanunları pozmağa icazə vermək üçün vətəndaşlardan rüşvət almaları, qazilərin, veteranların - ümumiyyətlə müharibə iştirakçılarının problemlərinə biganə yanaşmaları, onları intihar həddinə çatdırmalarıdır.

Heç nədən, heç kimdən çəkinmədən rüşvətin işlədiyi sahələrdən biri və birincisi torpaq məsələləri və tikintilərdir.

Heç uzağa getməyək, elə paytaxt Bakının özündə neft ərazisi demirlər, yüksək gərginlikli elektrik xətlərinin dibi demirlər, yaşıllıq zolağı demirlər, satışını həyata keçirirlər, sonra da həmin satdıqları ərazidə qanunsuz tikinti aparılmasına göz yummaq üçün hamısı öz rüşvətlərini alıb susurlar.

Bunu kimlər edir?!

Birinci növbədə rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti, ərazi İcra nümayəndəsi, bələdiyyə, ərazi müvəkkili, Fövqəladə Hallar Nazirliyi və tikintiyə nəzarət etməli olan Şəhərsalma və Arxitektura Komitəsi.

Bunlardan hər hansı birininsə "hesab"ı çatmasa, dərhal müdaxilə edib, tikintini dayandırmaq səlahiyyətindən istifadə edir. Odur ki, hər kəs öz hesabını alır çəkilir kənara, susur. Tikinti aparmaq istəyən, lakin rüşvət verəcək qədər maddi imkanı olmayan şəxslər də bu vəziyyət görür və rüşvət alan məmurları deyil, "ədalətsiz hökumət"i qınayırlar. Çünki, həmin məmurlar hamısı dövlətə, hakimiyyətə tabedir. Lakin, aldıqları rüşvətdən, şəxsi maraqları təmin olunduğu üçün ölkə başçısının tapşırıqlarını və ölkə qanunlarını ayaqları altına atıb ayaqlamalarından təbii ki, ölkə başçısının xəbəri yoxdur. Amma, xalqın qınadığı yenə də hakimiyyət olur və beləcə narazı kütlənin sayı durmadan artır.

Yeri gəlmişkən, vətəndaşlər arasında belə narazılıq yaradan yerlərdən biri də Yasamal rayon İcra Hakimiyyətidir.

Dəfələrlə sosial medialarda yayımlanmasına baxmayaraq, bu gün də Yasamal rayonunun müxtəlif ərazilərində qanunsuz tikintilər aparılır.

Biz "Ulutv.info" olaraq, bir neçə gün əvvəl Yeni Yasamal -2 yaşayış massivində, Xiyabani küçəsində - köhnə "müəllimlər binası"nın yanında əslən Laçın rayonundan olan Famil adlı şəxsin qanunsuz tikinti apardığına dair məlumat yayımlamışdıq. Eyni zamanda, bu barədə ərazi üzrə icra nümayəndəsi Fərhad bəyə, Mənzil İstismar sahəsinin müdiri Kamal bəyə, Yasamal rayon İcra Hakimiyyətinə, Şəhərsalma və Arxitektura Komitəsinə (ARXKOM), həmçinin Daxili İşlər Nazirliyinə (DİN) müraciət etmişdik.



Maraqlıdır ki, bütün bunlara baxmayaraq, həmin tikintinin rahat, maneəsiz şəkildə davam etdirildiyi barəsində daha bir məlumat aldıq. Belə olan halda, yenidən üz tutduq sözügedən ünvana. Bu dəfə isə tikintini aparan Famil adlı şəxs heç bir şəxsi maraq güdməyən, sırf qanunun tələblərinə uyğun şəkildə məsələyə müdaxilə edən jurnalistimizin üzərinə hücum etdi, ona qarşı şərəf və ləyaqətini alçaldacaq təhqiramiz, kobud ifadələr işlətdi, hətta ona iftira atmaqdan belə çəkinmədi. Özü də daha maraqlısı budur ki, bütün bunlar DİN əməkdaşlarının əraziyə gəlməsindən sonra baş verdi.

Qeyd edək ki, bütün qeyd etdiyimiz hadisələr tərəfimizdən ləntə alınıb və həmin görüntülər ərazi üzrə 29-cu polis bölməsinin məsul əməkdaşlarına göstərilib, gedişatlarla bağlı geniş izahat verilib.

Bir hissəsini aşağıda sizə təqdim edirik:



Ərazi İcra nümayəndəsi ilə Mənzil Kommunal İstismar sahəsinin müdiri ümumiyyətlə həmin əraziyə gəlmir, ARXKOM, FHN, Rayon İcra Hakimiyyəti, DİN əməkdaşları da heç nə olmamış kimi "karam, koram, lalam" prinsiplərini davam etdirirlər.

Bəlli ki, adlarını çəkdiyimiz bu qurumların hər biri şəxsi maraqları təmin olunduğu üçün tikinti haqqında respublika qanunlarını hər kəsin gözü önündə tapdalayırlar.

Bu kimi halları - hökumətə tabe olan məmurların qanunları saymadığını görən sıravi vətəndaşlar da hakimiyyəti qınayır və beləcə ölkə daxilində parçalanma, pərakəndəlik yaranır. Belə çıxır ki, bir çox məmurların bu cür haqsız davranışları ölkə başçısına qarşı planlaşdırılmış təxribatdır.



Özəl günlərdə toplaşıb kamera önündə prezidentə tərif edib, alqışlayan o məmurlar anlamalıdırlar ki, ölkə başçısına gərək olan, onun siyasətini dəstəkləyən vacib amil onların dodaqucu tərifləri deyil, tam qanunla işləyib, vətəndaşlar arasında ayrıseçkilik salmadan xidmət etmələri və onlarda ölkəyə, ölkə başçısına qarşı nifrət oyatmamaqdır.

Yuxarıda adlarını çəkdiyimiz qurumların bu davranışları, xalqa deyil, şəxsi maraqlarına xidmət etmələri, bəzi xarici qüvvələrin ölkəmizə qarşı təzyiqləri ilə baş etməyə çalışan ölkə başçısına qarşı çox böyük xəyanətdir, onun daxili siyasətinə kölgə salmaqdır.

Bunun başqa adı yoxdur.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info