Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər göstərilib

Dövlət başçısının “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər vətəndaşların yaşadıqları ünvanlarda göstərilir.

Fevralın 7-də keçirilmiş növbəti belə tədbir Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 130 ünvanında yerləşən iki çoxmənzilli yaşayış binasını əhatə edib. Bu yaşayış kompleksində 132 mənzil mövcuddur.

Qurum tərəfindən qeyd edilən ünvanda mobil ofislər vasitəsilə ilkin hüquqmüəyyənedici sənədlər qəbul olunub. Qanunvericiliklə müəyyən olunmuş müddətdə sakinlərə mülkiyyət sənədləri təqdim ediləcək.

Qeyd edək ki, səyyar qəbul günü mobil ofislərə müraciət edə bilməyən sakinlər çıxarış əldə etmək üçün sənədlərini ərazi qeydiyyat idarəsinə və ya “ASAN xidmət” mərkəzlərinə təqdim edə bilərlər.

Belə tədbirlər nəticəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə, vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına xidmət edir.

Səyyar xidmət zamanı vətəndaşlara hüquqi məsləhət xidmətləri də göstərilib, vətəndaşların qeydiyyat prosesi və sənədlərlə bağlı sualları cavablandırılıb.

Səyyar qeydiyyat xidmətlərinin göstərilməsi davam etdiriləcək.

F.Şərifov
Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info