Zaqatalada polis əməkdaşları qanunsuz küçə ticarəti ilə bağlı profilaktiki tədbirlər keçirib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə şəhərin müxtəlif ərazilərində, o cümlədən mərkəzi hissəsində nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ulutv.info-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıblar.

Aparılan profilaktiki söhbətlərə və edilən xəbərdarlıqlara məhəl qoymayaraq qanunsuz fəaliyyətini davam etdirən şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Ulutv.info
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 55 402 02 85
Ulutv.info